Gözəl suallar oyunu
Gözəl suallar oyunu idi.
Komandaların hər ikisini təbrik eləyirəm. Xüsusən “Cihad”ı. “Dream-Team” inciməsin. Bugünkü oyunun əsas nitq hissələri Cihadın oyunçularıydı.
Başlayaq qüsurlardan. Paketlər yenə ayrı idi. “Cihad”da isə üç paket və yazılmamış suallar vardı. Nəticədə lazımi formada həkk olunmamış suallar o qədər də yaddaqalan olmadı.
Bugün gözəl suallar günü idi. “Cihad” komandasına, əsasən də Tural Dadaşova əlimdən yalnız təşəkkür etmək gəlir. Adi dövrə oyunlarına hər dəfə gözəl və baxımlı suallar çıxarmaq çətin işdi. Yadımda 3 gözəl sual qalıb: «Paxır», «Arximed» və «Abort». Əslində suallara gözəllik qatan faktlar deyil, onun tərtib olunma formasıdır. Məhz bunun bəzilərinə gözəl sual deyirik, digərləri isə heç yadımızda qalmır. Oktay Məhərrəmova görə «Paxır» başqa cür formula edilsəydi, daha asan olardı. Ancaq, fikrimcə, «Paxır»da hər hansı bir dəyişiklik, onun «paxır»ını açardı. Təəssüf ki, komandalar sadəcə olaraq anadolu leksikonundan istifadə edərək sualı tapdılar.
«Arximed»in müəllifinin şeirdə sual elementlərini tapması və onu lazımi formada tərtib etməsi yaxşı effekt verdi. «Abort» isə bəzi komandaların kinayəli gülüşlərinə baxmayaraq sadəcə GÖZƏL sual idi.
“Dream-Team”in suallarının bir qüsuru var idi, o da «Cihad»dan geri qalması. Əslində normal suallar idi. Sadəcə olaraq komandanın sualları yaxşı formula etmək bacarığı hələ formalaşmayıb.
Nizam-intizam isə yenə də yerində deyildi. Aparıcılardan xahiş edirəm ki, gələcəkdə ümumi sakitlik yaratsınlar, ondan sonra sualları elan etsinlər. Bəzi sualların əvvəlini, bəzilərinin isə axırını eşitmək olmurdu. Ümumiyyətlə, klubda insanı dəli edəcək səviyyədə səs-küy var. Burda məşhur Ağanatiqin sözləri yadıma düşdü: “Deyəsən, mənim kimi qocalmaq istəyirsiniz….. İstəmirsinizsə, sakit olun”. Başqalarını bilmirəm, mən yalnız ilk 5-6 suala normal başla qulaq asıram.
Qeyd etmək lazımdır ki, bugünkü oyunda komandaların azlığı diqqət çəkdi. Elə ümumi baxışla da zalda boşluq olduğu görünürdü. Seymur Teymurovun gəlişi də bu boşluğu doldurmadı. Oyunun gedişi gözlənilən kimi oldu. İlk suallardan sonra ənənəvi olaraq aydın gözəçarpan lider yox idi. Lakin, son turnir qalibi «KİPL»in geniş heyətlə çıxış etməsi, onların qələbəsini gözlənilən etmişdi. «Fatehlər» və «Diplomat»ın əsas rəqiblərinə çatmaq ehtimalı az idi. Nəticədə «KİPL» əsas rəqiblərini xeyli qabaqlayaraq 14 xalla inamlı qələbə qazandı.
Aşağı liqada komandalarla birlikdə rəqabətin də azalması davam edir. Yenə də Ergenekonun zəif çıxışı zəminində Fortuna qalib gəldi.
Hazırladı Aqşin Atalızadə

Ən son şərhlər