Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

Diplomat+Heksaqon

Budəfəki oyun barədə ümumi şəkildə bunu demək olar: «Diplomat» daha yaxşısını da bacarır. «Heksaqon»lular isə tələbə yoldaşlarına çatmaq üçün çox çalışmalıdırlar. Düzdür, hər iki komandanın oyunçuları vahid bir aparıcı kollektivi kimi çıxış etməyə cəhd göstərsələr də fərq hiss olunurdu.
Bütövlükdə oyun yaxşı keçdi.
Aparıcıların ən müsbət cəhəti kimi qeyd etmək olar ki, səlahiyyət bölgüsü vardı. İki komanda vahid paket yaradıb, işi vahid aparıcıya tapşırmışdı. Digər mühüm vəzifələr isə digər oyunçular arasında bölüşdürülmüşdü. Bu üsul həm oyuna müəyyən sabitlik verir, həm də konkret olaraq, sual müəllifinə irad ünvanlamaq tendensiyasının qarşısını alır. Komandalar oyunu apararkən vahid tam kimi çıxış etdilər. Afərin!
İradlara gəldikdə isə qeyd etmək lazımdır ki, hörmətli Məmmədov həddindən artıq səmimiydi. Təcrübə göstərir ki, nə qədər xoş niyyətli olursan ol, oyun apararkən, şəxsi münasibətləri kənara atmaq lazımdı. Aparıcının səmimi, mülayim münasibəti hərdən sui-istifadə hallarına gətirib çıxarırdı. Bir də nitqin tonu aşağıydı.
Bütövlükdə aparıcılıq fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Bugünkü oyunu «Diplomat» və «Heksaqon» adlanan iki ayrı komanda aparırdı. Ancaq sualların stili bunu demək olar ki, hiss etdirmirdi. Vahid paket yaradılmışdı. Ancaq bütövlükdə sualları oyun dövrələrinə uyğun olaraq iki hissəyə bölmək olardı. Birinci yarıda sualların götürülmə dərəcəsi asan idi. Bir neçə sualı isə (Məsələn, «Robinzon Kruzo», «Etil spirti», «Karib böhranı» və s.) götürmək üçün təcrübə kifayət idi.
İkinci yarıda isə sualların çətinlik dərəcəsi artdı. Bu komandaların göstərdiyi nəticələrdə də öz əksini tapmışdı. Blits sualları maraqlı olsa da, çətin idi və tələblərə cavab verirdi. Ən gözəl suallar fikrimcə, «Ana bətni», «Anamın kitabı» və «Arximed+Avaqadro» sualları idi.
«Safari» cavablı suala komandaların etirazı məntiqli deyildi. Klubda bir neçə dəfə həmin sözün Suaxili mənşəli olması ilə bağlı suallar səslənib. Eyni söz müxtəlif dillərdə ola bilər, ancaq bu o demək deyil, ki, sual səhvdir. Müəllif təbii ki, müəyyən mənbəyə istinad etmişdi. Nizam-intizam məsələsi isə lazımi səviyyədə deyildi. Burada aparıcıların təqsiri az idi. Sadəcə klubun bəzi oyunçuları yaşlandıqca elə bil uşaqlaşır. Oktay Məhərrəmova və komanda yoldaşlarına təşəkkür edirəm. Səsləri çıxmırdı. Amma, «Cihad»ın yersiz iradlarına «KİPL»in əsassız təzyiqləri əlavə olunmuşdu. Hələ üstəlik «Fatehlər»in də hərdən bir onlara qoşulmasına heç nə ilə bəraət qazandırmaq olmaz.
Bütövlükdə oyun yenə də güclü rəqabət şəraitində cərəyan etdi. İlk yarıda sualların nisbətən asan olması komandaların yaxşı nəticə göstərməsinə səbəb oldu. Yüksək liqada «Fatehlər»lə «Sakit» ilk suallardan etibarən irəli atıldılar. «Sakit»i təbrik edirəm, onlar istənilən heyətlə oynaya bildiklərini sübut etdilər. Ancaq, Oktay Məhərrəmovun ilk yarıdan sonra getməsi öz təsirini göstərdi və komanda yalnız ikincilik uğrunda «Cihad», «Dream-Team» və «KİPL»lə bərabər mübarizəyə qoşuldu. «Fatehlər» dövrədə ilk qələbəsini qazandı. İkinci liqada «Bim-Yunayted»lə «Ergenekon» elə ilk suallardan etibarən təşəbbüsü ələ aldılar. Sona yaxın isə «Bim-Yunayted»in qarşısı alınmaz oldu və onlar olduqca yüksək nəticə ilə qalib oldular.
Hazırladı Aqşin Atalızadə – «Turan»

Leave a Comment