Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

Sakit – Fatehlər

Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi fevral ayının 10-da 1 aylıq fasilədən sonra yenidən öz intellektual oyunlarının təşkilinə start verdi. Fasilənin yaranmasına səbəb klubun əksər üzvlərinin tələbə olmaları və onların qış-imtahan sessiyasında iştirak etmələri üzündən kluba qatıla bilməmələri, eyni zamanda klubun öz müntəzəm oyunlarını keçirdiyi Azərbaycan Dillər Universitetinin imtahan sessiyası dövründə kluba boş auditoriya ayıra bilməməsi idi. Klubun XV oyun dövrəsinin birinci oyunu yeni məkanda, Bakı Slavyan Universitetində baş tutdu. Bütün əsas komandalar tam heyətlə çıxış etdilər və “Sakit”-“Fatehlər” cütlüyünün sualları əsasında keçirilən oyunda ilk yer uğrunda mübarizə çox gərgin oldu. Sonda 1-ci liqada oynayan 8 komandadan 5-i 1-ci yer uğrunda mübarizə aparırdılar. Lakin inamlı oyun və bir az da bəxt sayəsində “Triumf” və “Cihad” komandaları 1-2-ci yerləri bölüşdürə bildilər. Digər 3 komanda 3-5-ci yerləri öz aralarında bölməklə kifayətləndilər. Klubun ən qocaman komandası “Turan” isə ikinci liqadakı mübarizənin qalibi oldu. Yüksək Liqanın növbəti oyunu fevralın 17-si saat 12:00-da eyni məkanda təşkil ediləcəkdir. Həmin gün Məktəb Liqasının yenidən bərpa olunması ilə də yadda qalacaq. Bütün arzu edənlər dəvət olunurlar.

Leave a Comment