Ümidverici dəqiqələr

0 şərh

12th May 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Dövrə oyunları | Nə? Harada? Nə zaman?

12 mayın ümidverici dəqiqələri… Baharın növbəti anı… Oyun gecikir, məsullar bilir ki, görüş yerini dəyişmək olmaz. Qəhrəmanlar nə Ştirlits, nə də Müllerdir. Yeni dövrün qəhrəmanları – aparıcı komandalar “Dumanlı Təbriz” və “Dream team”dir. İnisialları əkiz olan bu iki həmkar komandanın oyun günü tifaqı dağıldı. Birtəhər Rüfət Abdullanın tərtibatçısı olduğu yarımçıq və natamam sual paketinin qırıntıları hazır məhsul halına gətirildi. Saysız-hesabsız çatlara rəğmən…

Oyunun ilk dəqiqələrindən aşkar liderlik heç kimin nəsibi olmadı. Hər xal uğrunda dişi-dırnağı ilə didişən komandalardan daha inadkarı “Cihad” oldu. “Mücahid”lər “müqəddəs vuruş” nəticəsində I pilləyə yaşıl bayraqlarını sancdılar. II pillə “Birləşmiş İqtisadiyyat Məliklikləri”nin “şeyx”lərinə qismət oldu. Yəqin anladınız ki, söhbət “Bim Yunayted” kollektivindən gedir. Son dövrə çempionu “Diplomat” komandası, deyəsən, arxayınçılığın qurbanı oldu.

II Liqada əlverişsiz mühitə uyğunlaşmaqda mahir olan “Karvan” komandası birinciliyin ipini əldən buraxmadı. II yeri “İstiqlaliyyət 6” komandası ələ keçirdi. Müasir anlamda istifadə etsək, ünvanlı gəldin, ünvansız qaç!

Bu dövrədən yenidən mövcudiyyətini davam etdirən III Liqada “beyin fırtınası” coşdu. Nəticədə, zirvədə “Breyn storm” komandasının küləkləri vıyıltı qopardı. II yeri “WOW” və “XD” komandaları bölüşdürdülər.

Son mövsümün ilk oyununu da arxada qoyduq. Arxada qalanları ilklərə qurban verib irəli şığımağda davam edirik…

Elan

0 şərh

4th May 2007 tarixində admin tərəfindən yazılıb. Mövzu: Elanlar

Bu həftə Klubumuzda qeyri-rəsmi oyun keçiriləcəkdir. 5 may 2007-ci il, şənbə günü Klubumuzda keçirilməli olan XII dövrənin ilk rəsmi oyunu “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Çempionatının təşkili səbəbindən təxirə salınır. “Dumanlı Təbriz” və “Dream team” cütlüyünün aparacaqları dövrə oyunu isə növbəti şənbə, 12 may 2007-ci ildə baş tutacaq. Respublika çempionatında iştirak edəcək komandalarımıza uğurlar arzu edirik