Bizdə əzələlərin deyil, beyinlərin mücadiləsidir!

Veni Vidi Vici vs Kraniya

Dövrənin sonuncu oyununu da aprel ayının aldadıcı təbəssümləri altında başa vurduq. “Xəzər” hər mövsümün qurtaracağında olduğu kimi bu dəfə də kükrəməyə başladı. Kimisə qoynunda gizlətdi, kimisə də dalğaları üzərinə qaldırdı.

Müxtəsər, şturmanlığı boyunlarına alan “Veni Vidi Vici” və “Kraniya” komandaları gəmini sahilə yaxınlaşdırdılar. Suallar pis tərtib olunmamışdı. Əla da deyildi. Klubda ənənəvi şəkildə cərəyan edən səs-küy epidemiyası və bu “taun”a qarşı inadkarlıq antibiotiki ilə silahlanmış aparıcı – Seymur Teymurov, birdə ki, arada sağlamların turnir müqəddəratını sarsıdan anlaşılmaz vəziyyət. Bu da son oyun gününün panoraması…

Fırtınalı oyunun sonu “Diplomat” komandasının I yeri qazanması ilə əlamətdar oldu. Dalğaların qayaları ortadan parçaladığı kimi II pilləni də “Cihad” və “Dumanlı Təbriz” komandaları eynən iki yerə böldülər.

II Liqada bu dövrə ambisialı və baxımlı oyun göstərən “Dream team” və tısbağa yerişindən əl çəkən “Genosid” komandaları I yeri bölüşdürməkdə əməl sahibi oldular. II pillədə dövrə ərzində qeyri-stabil oyun göstərən “Heksoqon” komandasının altı bucağı parladı.

Nəhayət, dövrə oyununun son nəticələrinə nəzər salaq. Mümkün 40 xaldan 38-ni öz balansına yazan gənc “Diplomat” komandası çempionluğu bayram etdi. “Novruz Kuboku”nun qisası bu cür alındı. Güclülər dəstəsini yeniyetmə, lakin heyətində bir “ağsaqqalı” rezerv qüvvə kimi saxlayan “Sakit” və Vereşaginin “Müharibənin apofeozu” əsərindən ilhamlanan “Kraniya” komandaları tərk etdilər. Yüksək Liqaya bu yerə çoxdan acımış “Dream team” və elitaya can atmağa fədakarlıq göstərməyən gözütox “Alfa” komandaları vəsiqə qazandılar.

Qədərə razı olmaq tərifəlayiq və vacibdir, ancaq işartı sezilən halda olanla kifayətlənməmək fatehlik əlamətidir.

Leave a Comment